Zeynalabdin Tağıyev 1838-ci ildə Bakıda anadan olmuşdur. Atası Tağı başmaqçılıq edib öz zəhməti ilə dolanır, oğluna da belə nəsihət edirdi: «Oğlum, zəhmətdən qorxma, çalış ki, axırda özgəyə möhtac olmayasan». Uşaqlıqdan zəhmətə alışan, həqiqi əməyin nə olduğunu bilən Hacı Zeynalabdin sonralar var-dövlət sahibi olub milyonlara sahib olsa da, heç özünün ilk dövrünü yaddan çıxarmamış, özünü xalqdan ayırmamışdır. Hacı Zeynalabdin, xüsusən, yetim və kimsəsizləri heç zaman yaddan çıxarmır, onlara bacardığı köməyi edirdi. O, xalqın savad və mədəniyyətdən geri qalmasının əsas səbəbini maarif və təhsilin olmamasında görür, elmə qadir olan kimsəsiz uşaqları öz xərcinə oxutdururdu. O, dörd məktəbi də öz himayəsinə götürmüşdü və oradakı təhsil xərcini özü ödəyirdi. Hacı Zeynalabdin 1895-ci ildə Mərdəkanda yeni üsulda sənət məktəbi təşkil etmişdi ki, bu da xalqa qiymətli bir bəxşiş idi. Onun sonralar açdığı məktəblərdən biri qızlar seminariyası olmuşdur ki, burada da müsəlman qızları ...